|
Neft Şirkəti beynəlxalq mühasibat uçotu standartları
ilə işləməyə başlayıb
Neft Şirkəti beynəlxalq mühasibat uçotu standartları
ilə işləməyə başlayıb
ARDNŞ, nəhayət ki, beynəlxlaq
mühasibat uçotu standartları ilə işləməyə başlayıb. Şirkətdən bununla bağlı
yayılan məlumatda bildirilir ki, maliyyə-uçot əməliyyatlarının beynəlxalq
standartlara uyğun qurulması neft sənayesində şəffaflığın artırılması
baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bununla əlaqədar bir çox digər dövlət
orqanları kimi ARDNŞ-də də ötən illərdə ciddi tədbirlər görülmüşdür. Şirkət
əməkdaşlarının bu sahədə zəngin iş təcrübəsinə malik olan ölkələrdə Beynəlxalq
Maliyyə Hesabatı Standartlarına həsr olunmuş seminar və forumlarda iştirakı
təmin edilmiş, onlar üçün xüsusi kurslar və treninqlər keçirilmişdir. 2004-cü
ilin iyun ayında qəbul edilmiş “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununa əsasən, bütün ictimai əhəmiyyətli qurumlar 2008-ci ilin
yanvarın 1-dən Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidirlər. ARDNŞ
bu qurumlar arasında Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməsi
nəzərdə tutulmuş öncül şirkətdir.”
Onu da qeyd edək ki, əvvəlcə şirkətin yalnız bir neçə struktur bölməsində BMHS-na keçid planlaşdırılsa da, ötən ilin sonlarında uçotun vahid prinsiplər əsasında aparılmasını təmin etmək üçün qərara alınmışdır ki, ARDNŞ-nin bütün müəssisələrində 2008-ci il 1 yanvar tarixindən Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçid təmin olunsun: “Həmin proseslə əlaqədar beynəlxalq məsləhətçilərlə bağlanmış müqavilələr əsasında yeni standartlara uyğun uçot metodologiyası və müasir tələblərə cavab verən proqram təminatı hazırlanmış və uçotun yeni qaydalar əsasında aparılmasına hazırlıq işləri başa çatdırılmışdır. Bu günlərdə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətdə maliyyə uçotunun BMHS-na uyğun yeni qaydalar əsasında aparılmasını təmin etmək məqsədi ilə əmr imzalamışdır. Əmrə əsasən, BMHS-na keçidlə əlaqədar “PriceWaterHouseCoopers” şirkəti tərəfindən hazırlanmış yeni “ARDNŞ-nin Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun uçot siyasəti”, “ARDNŞ-nin Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə uçot siyasəti və maliyyə hesabatlarına uyğun hesablar planı”, “Biznes proseslərinin aparılması qaydaları” və “ARDNŞ-də hesabdarlıq üzrə göstərişlər” təsdiq edilmişdir. Sənəddə göstərildiyinə görə, uçotun tam həcmdə avtomatlaşdırılmasını təmin etmək məqsədilə SAP sistemi modullarının tətbiqi sahəsində təkmilləşdirmə işləri davam etdirilməlidir. Yeni ildən ilkin sənədlər qəbul edilərkən əməliyyatların dərhal SAP sistemində hazırlanması və uçota alınması təmin ediləcəkdir. Eyni zamanda uçotun yeni qaydalar əsasında aparılmasını təmin edəcək işçilər bilik mübadiləsi və dəstək prosesinin asanlaşdırılması üçün zəruri texniki avadanlıqlarla təchiz ediləcəkdir. Əmrdə həmçinin, ARDNŞ-nin İqtisadiyyat və Uçot İdarəsi tərəfindən yeni sistemin tətbiqi ilə əlaqədar olaraq şirkətin müəssisələrinə lazımi əməli və metodik köməklik göstərilməsi nəzərdə tutulur. Şirkətin aparatında və strukturuna daxil olan müəssisələrdə SAP dəstək qruplarının yaradılması da planlaşdırılır. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi öz növbəsində SAP sisteminin tətbiqi ilə əlaqədar şirkətin strukturuna daxil olan idarə və müəssisələrin yeni kompüter avadanlıqları ilə təmin edilməsi üçün lazımi tədbirlər görəcək. Bundan başqa, idarə bu sistemin səmərəli şəkildə tətbiq edilməsi üçün xüsusi proqram təminatı alaraq, onun yoxlanılması və quraşdırılmasını təmin edəcək.”
◄ 1 2 3 ... 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:4
|