|
Qazaxıstan öz istəyinə nail oldu
Qazaxıstan öz istəyinə nail oldu
Qazaxıstanın “Kaşaqan” yatağı ilə bağlı 2007-ci ilin
avqustundan bəri davam edən mübahisəli vəziyyət Astananın tam qələbəsi ilə
başa çatıb. Belə ki, tərəflər arasında 2007-ci ilin avqustundan bəri davam
edən danışıqlar nəticəsində yatağın işlənməsi üzrə yaradılmış konsorsiumda
Qazaxıstanın Milli Neft Şirkəti olan “Kazmunayqaz”ın payı digər iştirakçıların
hesabına 8,33 faizdən 16,8 faizə qaldırılıb. Beləliklə, bundan sonra yataqda
işləyən “Agip KCO” konsorsiumunun üzvü olan iri xarici neft şirkətlərinin –
“Eni”, “Total”, “ExxonMobil” və “RoyalDutch/Shell” hər biri “Kazmunayqaz”la
eyni paya malik olacaqlar. Xatırladaq ki, əvvəlcə bu şirkətlərin hərəsi 18,5
faiz paya malik idilər. Əldə edilmiş razılaşmaya əsasən, Qazaxıstan əldə
etdiyi əlavə paya görə yataqda hasilat başlandıqdan sonra xarici şirkətlərə
1,78 milyard dollar ödəyəcək. Hasilat başlayanadək keçən müddətdəki faizlər də
bu məbləğin üzərinə əlavə ediləcək və ödəniş üç tranşa həyata keçiriləcək.
Bundan başqa, əldə edilmiş razılığa əsasən xarici tərəfdaşlar layihənin işlənmə müddətini 2010-cu ildən 2011-ci ilə keçirdiklərinə görə Qazaxıstana 5 milyard dollar həcmində təzminat ödəyəcəklər. Bu barədə məlumat verən ölkənin energetika və mineral ehtiyatlar naziri Suat Minbayev təzminatın birdəfəlik ödənəcəyini deyib. Belə ki, əgər xaricilər pulu bütün müqavilə müddətində ödəmək istələr məbləğ 20 milyard dollara qədər artacaq. Qazaxıstanın daha bir qələbəsi “Agip KCO” konsorsiumunda operatorun dəyişdirilməsidir. S.Minbayevin sözlərinə görə, bütün tərəfdaşların iştirakı ilə yeni əməliyyat şirkəti yaradılacaq. “Eni” opretaorluqdan gedəcək və yeni əməliyyat şirkətinin rəhbərliyi ilə yalnız kəşfiyyat işlərini həyata keçirəcək: “İştirakçılar arasında funksiyaların bölgüsü may ayına qədər yekunlaşacaq. Bu məsələ ilə bağlı tərəflər arasında heç bir mübahisəli məqam yoxdur.”
◄ 1 2 3 4 ... 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:59
|