|
Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə
edilməsi ilə bağlı hesabat hazırlanıb
Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə
edilməsi ilə bağlı hesabat hazırlanıb
Hesabat İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən ictimaiyyətə
təqdim edilib
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası çərçivəsində Dövlət Neft Fondunun vəsaitlərinin
səmərəli istifadə edilməsi ilə bağlı hesabat hazırlayıb. Hesabatın təqdimatı dekabrın
19-da Hyatt Reycensi Hotelində təşkil edilmişdir. Təqdimetmə mərasimində dövlət
qurumlarının, eləcə də Dövlət Neft Fondunun və Dövlət Neft Şirkətinin, şirkətlərin,
beynəlxalq və qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri iştirak etmişdirlər.
Koalisiyanın kordinatoru Qubad İbadoğlu koalisiya çərçivəsində həyata keçirilən layihələr ilə bağlı məlumat verərək İqtisadi və Sosial İnkişaf Mərkəzinin apardığı tədqiqatın neft gəlirlərindən səmərəli istifadə imkanlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi. İSİM rəhbəri Vüqar Bayramov bildirmişdir ki, tədqiqat zamanı həm xarici ölkələrin, xüsusən də Norveç və Qazaxıstanın təcrübəsi ətraflı öyrənilərək ondan istifadə imkanları təhlil edilmişdir. Bununla yanaşı Dövlət Neft Şirkətinin fəaliyyəti də təhlil obyekti olmuşdur. V.Bayramov sterilizasiya tədbirlərinin gücləndirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, Neft Fondundan dövlət büdcəsinə ayrılan transferlərin həcminə limitlərin tətbiq edilməsi vacibdir. Norveç Neft Fondundan büdcəyə ayırmalar fondun illik gəlirinin 4 faizindən çox ola bilməz. V. Bayramovun fikrincə, fondun investisiya portfelinin strukturunda dəyişiklik edilməsi vacibdir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 55%-i ABŞ dollarında ifadə olunan aktivlərə, 35%-i AVRO-da ifadə olunan aktivlərə, 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir. V.Bayramovun sözlərinə görə, dünya maliyyə bazarındakı tendensiyaya uyğun olaraq dollarla saxlanılan aktivlərin həcminin azaldılması hesabına Avro ilə yığım artırılmalıdır. Vüqar Bayramov bildirdi ki, neft pullarının səmərəli istifadəsi ilə bağlı xüsusi meyarlar işlənilib və Neft Fondundan vəsaitlərin həmin meyarlar əsasında ayrılması təklif olunur. Başqa tərəfdən Neft Fondunun vəsaitlərinə iddia edilən qurumlar üçün xüsusi meyarlar sistemi işlənmişdir və bunların da layihələrin maliyyələşdirilməsi zamanı tətbiq edilməsi təklif edilir. İSİM rəhbəri əlavə etdi ki, neft fondunun vəsaitlərindən səmərəli istifadəsi sektorlar üzrə də qiymətləndirilir və bu zaman yalnız iqtisadi, statistik metodlardan deyil, həmçinin eknometrik modellərdən də istifadə edilir. Bu modellər investisiya xarakterli vəsaitlərin səmərəlik dərəcəsini müəyyənləşdirməyə imkan verəcək. Dövlət Neft Fondunun nümayəndəsi Müşfiq Bayramov çıxışında tədqiqatın nəticələrinə müsbət münasibət bildirərək belə fəaliyyətin fondun fəaliyyətinə pozitiv dəstək olduğunu bildirmişdir. Onun sözlərinə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin bəzi təklifləri artıq fondun gündəmində olan məsələlər ilə bağlıdır. M. Bayramov Dövlət Neft Fondu haqqında qanun qəbul edilməsinin vacibliyini bildirərək təmsil etdiyi qurumun benchmark indeksindən istifadə etdiyini və çevik valyuta siyasətinin həyata keçirildiyini dedi. Daha sonra koalisiya üzvləri Sabit Bağırov, Sevgim Rəhmanov, Mirvari Qəhrəmanlı, Vüsal Qasımlı, Fəridə Hüseynova, Dövlət Statistika Komitəsinin şöbə müdiri Yusif Yusifov, BP Azərbaycanın əməkdaşı Alı Qara, Azərbaycan İqtisadçılar İttifaqının nümayəndəsi Elşad Səmədzadə və tədbirin başqa iştirakçıları neft gəlirlərindən səmərəli istifadə istiqamətləri ilə bağlı öz fikirlərini bölüşdülər.
◄ 1 ... 4 5 6 ... 13 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:35:56
|