|
MSŞA Koalisiyası Şurasının mətbuat üçün açıqlaması(08/02/2007)
MSŞA Koalisiyası Şurasının mətbuat üçün açıqlaması(08/02/2007)
Bakı şəhəri
08 fevral 2007-cı il
İctimai Birliklərin MSŞA Koalisiyası özünün 2006- 2007-ci illəri əhatə edən
iki illik fəaliyyət planının birinci hissəsini uğurla həyata keçirib. АCİ YF,
Dünya Bankı, Еbert Fondu, Охfam Novib və Kaunterpart təşkilatlarının maliyyə dəstəyi
ilə mədən sənayesində şəffaflığın artırılması, ictimaiyyətin diqqətinin neft gəlirləri
üzərində şəffaflıq probleminə cəlb edilməsi və bu Təşəbbüsə ictimai dəstəyin artırılması
istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülmüş işlər haqqında Koalisiya
vebsaytında (www.eiti-az.org ) geniş məlumatlar
yerləşdirilib.
Biz bu uğurlu fəaliyyətin həyata keçirilməsində bizə dəstək olmuş donor təşkilatlarına, ictimai birliklərə, icra və bələddiyyə strukturlarına, bir sıra universitetlərin rəhbərlərinə, radio və TV işçilərinə, hər bir vətəndaşa, KİV-lərə və xüsusən böyük həvəslə bu tədbirlərdə iştirak etmiş Koalisiya üzvlərinə minnətdarlıqla təşəkkür edirik. Təəssüflə onu da qeyd etməliyik ki, maliyyə dəstəyinin kifayət qədər olmaması səbəbindən nəzərdə tutduğumuz bəzi fəaliyyət növlərini həyata keçirmək mümkün olmayıb. Biz Fəaliyyət planımızın həyata keçirilməsini 2007-ci ildə də davam etdirmək fikrindəyik. Bunun üçün prioritet istiqamətlər müəyyənləşdirilib və onlar Koalisiyanın keçən ilin dekabrında keçirilmiş Ümumi yığıncağında təsdiq edilmiş Proqram Sənəddə öz əksini tapıb. Biz keçən ilki dəstəyin daha artıq dərəcədə yenə təkrar olacağına ümid edərək bu ilki Proqramı tamamilə həyata keçirəcəyimizə inanırıq. Hesab edirik ki, bu yaxınlarda baş vermiş Koalisiya daxili yeniliklər ölkənin vətəndaş cəmiyyətinin inkişafı üçün bir örnək olmaqla bərabər, Koalisiyanın da başladığı işləri davam etdirməsinə mane olmayacaq, əksinə daha geniş və əhatəli olmasına səbəb olacaq. Üç ilə yaxın müddətdə Koalisiya Şurasının Əlaqələndiricisi olmuş Sabit Bağırov öz istəyi ilə bu vəzifədən istefa vermiş və bunun səbəbini bu qədər müddətdə bu vəzifəni daşımasının yetərli olması ilə izah etmişdir. O belə hesab edir ki, indiki dövrdə Koalisiyaya yeni əlaqələndiricinin seçilməsi onun fəaliyyətinə yeni üslub, yeni ideyalar gətirəcək. Koalisiya Şurası onun bu vəzifədən getməsinə təəssüf etsə də, qərarına hörmətlə yanaşıb. MSŞA Koalisiyasının yaradılmasında, inkişafında və qazanılan uğurlarda onun müstəsna əməyini yüksək dəyərləndirib və buna görə ona rəsmən təşəkkür edib. Koalisiya Şurasının 25 yanvar, 2007-ci il tarixdə keçirilmiş iclasında seçilmiş yeni əlaqələndirici, tanınmış iqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Koalisiya öz əvvəlki fəaliyyət xəttini, kursunu və strategiyasını əsaslı olaraq dəyişmədən, xüsusilə MHŞT-ni həyata keçirən tərəfdaşlarla əməkdaşlığı prinsipal olaraq davam etdirməlidir. Hazırda Koalisiyada yaradılmış işçi qrup tərəfindən MHŞT üzrə keçirilmiş 5-ci auditin nəticələrinin təhlili üzərində iş gedir. Nəticələr və Koalisiyanın rəyi ictimaiyyət üçün açıqlanacaq. Qubad İbadoğlunun fikrincə Koalisiya ictimai birlik olaraq Əsasnaməsində göstərildiyi kimi heç bir siyasi maraq güdməyəcək. Onun fəaliyyəti daha da cilalanacaq və zənginləşdiriləcək. Koalisiya MHŞT prinsiplərinə sadiq qalaraq onun daha geniş formatda tətbiqi istiqamətində yeni təşəbbüslər irəli sürmək niyyətindədir. Bu il ərzində təşəbbüsün digər mədən sənayesi sektorları və ölkənin digər regionlarına da genişləndirilməsi istiqamətində iş aparılacaq. Qarşıdakı dövrdə Koalisiya həllini vacib hesab etdiyi aşağıdakı məsələlərə diqqət yetirəcək: - Neft şirkətlərinin şəffaflığının artırılması və onların fərdi surətdə hesabatlarının açıqlanması; - Neft və qazla yanaşı ölkənin digər təbii resurslarının da MHŞT-yə cəlb edilməsi; - Neft gəlirlərinə və bu gəlirlərin səmərəli xərclənməsinə ictimai marağın kəskin artırılması, ayrı- ayrı ictimai qrupların MHŞT proseslərinə daha geniş şəkildə cəlb eilməsi; - Neft gəlirlərinin daha səmərəli istifadəsinə dair təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması; - Koalisiyanın Gəncə şəhəri və digər regional mərkəzlərinin inkişafı; - Koalisiya üzvlərinin daha geniş şəkildə Koalisiya planlarının icrasına cəlb edilməsi; - Koalisiyanın beynəlxalq və regional (Mərkəzi Asiya və Monqolustanla) əlaqələrinin intensivləşdirilməsi. Bu sonuncu məsələ Koalisiya Şurasının xüsusi diqqət mərkəzində olacaq. Bunu nəzərə alaraq Şura üzvü İnqilab Əhmədov beynəlxalq və regional əlaqələr üzrə məsul şəxs seçilib. Onun fikrincə yaxın dövrdə beynəlxalq səviyyədə fəaliyyətin gücləndirilməsi və habelə regional şəbəkədə səmərəli təmsilçiliyi təmin etmək məqsədilə aşağıdakı işlər görülməlidir: - Xarici ölkə təcrübələrinin, o cümlədən Nigeriya və digər Afrika ölkələrinin də təcrübəsinin, habelə Cənubi Amerika təcrübələrinin öyrənilməsi yolu ilə məlumatlılığın artırılması; - Azərbaycanın MHŞT-nin tətbiqində əldə etdiyi nailiyyətləri yaxşı təcrübə kimi sistemləşdirib, beynəlxalq arenada yaymaq; - MHŞT ilə bağlı beynəlxalq səviyyədə gedən müzakirələrə qoşulmaqla onların bu sahədəki siyasətlərinə təsir göstərmək. Koalisya Şurası bu kifayət qədər böyük həcmli işi planlaşdırarkən ictimaiyyətin, xüsusilə KİV-lərin lazımi dəstəyini alacağına ümid edib və biz ümidlərimizin doğrulacağına, bu vəzifələrin öhdəsindən uğurla gələcəyimizə inanırıq. MSŞA Koalisya Şurası
◄ 1 2 3 4 5 6 7 8 9 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:16:52
|