|
Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə
axınlarının təhlili və şəffaflığın qiymətləndirilməsi layihəsi üzrə yekun
konfrans keçirilib (APA-ECONOMICS
13/02/08)
Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə
axınlarının təhlili və şəffaflığın qiymətləndirilməsi layihəsi üzrə yekun
konfrans keçirilib (APA-ECONOMICS
13/02/08)
 Bakı.
Elnur Hüseynquluyev –
APA-ECONOMICS. Bu gün Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT
Koalisiyasının «ARDNŞ-ın maliyyə axınlarının izlənməsinin təhlili və onun
şəffaflığının qiymətləndirilməsi Layihəsi» üzrə Bakıda yekun konfransı
keçirilib.
Tədqiqat layihəsinin rəhbəri Zöhrab İsmayılın sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmuş şirkətlərdə şəffaflığının artırılmasına yardımçı olmaqdır. «APA-ECONOMICS»in məlumatına görə, Z.İsmayıl layihənin birinci məhsulu ARDNŞ-ın maliyyə axınlarının izlənməsinə dair xülasə, ikinci məhsul isə şirkətin maliyyə axınlarının izlənməsi və şəffaflığın qiymətləndirilməsi üzrə indikatorların hazırlanmasını nəzərdə tutur. Layihə üzrə xülasə 6 bölmədən ibarət olmaqla, xam neftin satışından daxilolmalar, neft satışından daxilolmalar, təbii qazın satışından daxilolmalar, hasilatın pay bölgüsü sazişləri çərçivəsindəki payına uyğun olaraq ARDNŞ-a çatan mənfəət neftinin satışından əldə edilən gəlirlər, ARDNŞ-ın əmlakının icarəyə verilməsindən əldə olunan gəlirlər, xarici neft-qaz şirkətlərinə göstərilən müxtəlif xidmətlərdən əldə olunan gəlirlər daxildir. Tədqiqat dövründə aparılan araşdırmaya əsasən, 2006-cı ildə bütün mənbələr üzrə ARDNŞ-ın ümumi gəlirlərinin məbləği 3,676 mlrd. manat təşkil edib ki, bu da 2005-ci illə müqayisədə 34,3% çoxdur. Z.İsmayıl bildirib ki, şirkətin 2006-cı ildə neft istehsalı 8,994 mln. ton təşkil edib ki, bunun da 1,4 mln. tonu dünya bazarlarına ixrac olunub. ARDNŞ tərəfindən 2006-cı ildə istehsal olunan neft məhsullarının 42,1%-i daxili bazarda, 57,9%-i isə xarici bazarlarda realizə olunub. Hasilatın pay bölgüsü sazişinə uyğun olaraq «Azəri-Çıraq-Günəşli» layihəsində ARDNŞ 10%-lik paya malikdir. Həmin paya uyğun olaraq, şirkət 2006-cı ildə 924,4 mln. manat həcmində gəlir əldə edib. Bu isə həmin il üzrə ARDNŞ-ın ümumi gəlirlərinin 25,1%-nə bərabərdir. «Neft və neft məhsullarının nəqli ilə bağlı xərclər şirkətin hesabatında ümumiləşdirilmiş formada olsa da, bu barədə hər hansı məlumat verilmir. Lakin tədqiqat zamanı qeyri-rəsmi kanallarla əldə olunan məlumatlara görə, neft və neft məhsullarının nəqlinə çəkilən xərclər onların satış qiymətinin təxminən 7-8%-ni təşkil edir. Şirkətin 2006-cı ildə neft məhsullarının satış dövriyyəsinin 2,5 mlrd. manat olduğunu nəzərə alsaq, şirkətin nəqletmə xərcləri təxminən 240-250 mln. manat olub», - deyə Z.İsmayıl vurğulayıb. Sonda layihə rəhbəri ARDNŞ-ın vergi ödənişləri və sosial ayırmaları, borcları, mənfəəti və digər xərcləri haqqında ətraflı məlumat verib. Qeyd edək ki, «ARDNŞ-ın maliyyə axınlarının izlənməsinin təhlili və onun şəffaflığının qiymətləndirilməsi Layihəsi» Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
◄ 1 ... 38 39 40 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:8
|